2016-04-24
Əbu Dabi, 24 aprel 2016

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qurucusu mərhum Şeyx Zayed bin Sultan Əl Nəhyanın həyat yoldaşı, BƏƏ Ümumqadın İttifaqının (General Women’s Union) sədri, Ailə İnkişafı Fondunun ali prezidenti, Ana və Uşaq məsələləri üzrə Ali Şuranın sədri “Mother of nation” adını daşıyan Şeyxə Fatimə bint Mübarək Əl-Ketbinin himayəsi altında cari ilin 21-23 aprel tarixlərində İttifaqın ərazisində “Beynəlxalq Xeyriyyə Bazarı 2016” adlı aksiya keçirilib.

Əsas etibarı ilə Asiya və ənənəvi ərəb ölkələrinin yer aldığı bu xeyriyyə aksiyasında Azərbaycan Səfirliyi də iştirak edib. Yaradılan Azərbaycan guşəsində milli mədəniyyətimizə aid olan Qarabağ xalçaları və kəlağayılar, eləcə də müxtəlif mədəni və turizm imkanlarını təcəssüm edən suvenirlər ziyarətçilərin ixtiyarına verilib.

Yalnız diplomatik missiya rəhbərlərinin həyat yoldaşlarının iştirak etdikləri tədbirin rəsmi açılış hissəsindən sonra Şeyxə Fatimə bint Mübarək Əl-Ketbi ardıcıllıqla Azərbaycan guşəsi ilə tanışlığı zamanı Qarabağ xalçaları və kəlağayılar, o cümlədən sərgilənən digər eksponatlar barədə ətraflı məlumat əldə edib.

Növbəti günlərdə qonaqlara iştirakçı ölkələr tərəfindən milli rəqs və mahnılar, eləcə də milli kulinariya nümunələri təqdim edilib. Ermənistanın əsassız iddialarla mənimsəməyə can atdığı, milli-mədəni irsimizin bir parçası olan “Sarı gəlin” rəqsi ziyarətçilər tərəfindən maraqla izlənilib. Rəqsin ardınca isə “Qarabağ şikəstəsi” səsləndirilib. Paralel olaraq, milli mətbəximizə aid masada Azərbaycan dolması, plovu, kutabı, habelə paxlavası və şəkərburası gələnlərə təqdim edilib.

Yekunda ziyarətçilər arasında lotereya oynanılıb və qaliblərə iştirakçı ölkələr tərəfindən hədiyyələr təqdim edilib.

Tədbir boyu Azərbaycan guşəsinə və təamlar masasına yaxınlaşanlara bütün eksponat və yeyiləcəklər barədə dolğun məlumatlar verilib.

növbəti xəbər əvvəlki xəbər