2016-02-25
Əbu Dabi, 25 fevral 2016

Azərbaycan icmasının Əbu Dabi və Dubay şəhərlərindəki üzvlərinin, “Azərbaycan Hava Yolları” QSC-nin Dubay Əmirliyindəki nümayəndəsinin, “SOCAR Trading” şirkətinin Dubay Əmirliyindəki nümayəndələrinin, BƏƏ-nin “Al Bayan” rəsmi dövlət qəzetinin və “Sky News Arabia” televiziyasının təmsilçilərinin, eləcə də Səfirliyin əməkdaşlarının iştirakı ilə cari ilin 24 fevral tarixində Əbu Dabi şəhərində “İntercontinental” mehmanxanasında Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra tədbiri giriş nitqi ilə açan Səfir Daşqın Şikarov Xocalı şəhərinin əhəmiyyəti, fevralın 25-dən 26-na keçən gecə orada baş vermiş qətliamın və nəticələrinin təfərrüatları barədə ətraflı danışıb, bu soyqırımın erməni quldurlarının 1905, 1918 və 1948-ci illərdə məhz müsəlman olduqları üçün azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınların ardıcıl həlqəsi olduğunu qabardıb, azərbaycanlılara qarşı dərin nifrət və dözümsüzlük hissləri duyan Ermənistan Prezidenti Serj Sarqsyanın britaniyalı jurnalist Tomas De Vaala söylədiyi faşist fikirlərə, habelə Zori Balayanın Xocalı soyqırımı zamanı əsir düşən 11 yaşlı qıza qarşı qeyri-insani eksperimentinə toxunub.

Xocalı faciəsinin Türkiyə və Pakistanın, eləcə də London, Paris, Moskva və digər Qərb şəhərlərinin aparıcı KİV-də geniş işıqlandırıldığını xatırladan səfir bu kütləvi məhvə siyasi-hüquqi qiymətin ilk dəfə məhz ulu öndər Heydər Əliyev tərəfindən verildiyini özəlliklə qeyd edib.

Sonra D.Şikarov Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Xocalı soyqırımının dünyada tanıdılması yönündə gördüyü işlərdən geniş bəhs edib.

Daha sonra Fondun vitse-prezidenti Leyla Əliyevanin fəaliyyətinə keçən səfir bu xüsusda Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya Ədalət” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasına xüsusi yer ayırıb, həmin kampaniyanın uğurlu fəaliyyəti nəticəsində ələlxüsus da Avropa və ABŞ-da faciə barəsində həqiqətlərin geniş rəvac aldığını vurğulayıb, Xocalı soyqırımının Pakistan, Meksika, Kolumbiya, Peru, Honduras, Bosniya və Herseqovina, Çexiya və Sudanın, eləcə də ABŞ-ın 10-dan artıq ştatının qanunverici orqanları tərəfindən rəsmən tanındığını yada salıb və gələcəkdə ölkələrin coğrafiyasının artacağına əminliyini ifadə edib.

Çıxışın ardınca tədbir iştirakçıları Heydər Əliyev Fondunun sifarişi ilə istehsal olunmuş “Xocalı faciəsi” adlı sənədli filmi izləyib, təşkil olunan foto sərgi ilə tanış olublar. Anım mərasimi çay-qəhvə süfrəsinin arxasında davam edib.  

 

növbəti xəbər əvvəlki xəbər