2018-12-31
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində Dubayda yaradılmış Azərbaycan Evində tədbir keçirilmişdir.

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi, Dubay şəhərindəki Baş Konsulluğu və səfirlik nəzdində fəaliyyət göstərən Ticarət Nümayəndəliyinin təşkilatçılğı, Azərbaycan Hava Yollarının təşkilati dəstəyi ilə keçirilmiş tədbirdə BƏƏ-də yaşayan Azərbaycanlı icmasının üzvləri və ailələr iştirak etmişdirlər.

Tədbiri giriş sözü ilə açan səfir Daşqın Şikarov çıxışında həmrəylik gününün mahiyyəti, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycançılıq ideyasının yaradılması və güclənməsinə verdiyi önəm, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xaricdə yaşayan Azərbaycanlılarla əlaqələrin davamlı şəkildə gücləndirilməsinə verdiyi diqqət barədə danışmış, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarına müraciətini oxumuşdur.

Daha sonra çıxış edən ticarət nümayəndəsi Elnur Əliyev Azərbaycanlıların həmrəyliyinin və vətənə bağlılığın önəmi barədə danışmış, Azərbaycan Evinin yaradılma məqsədilərindən birinin də həmvətənlərimizin tez-tez toplaşa biləcəyi məkan yaratmaq olduğunu bildirmişdir.

Tədbir qonaqları tanınmış caz və xalq mahnıları ifaçısı Təranə Mahmudovanın solistliyi ilə Azərbaycandan dəvət olunmuş qrupun musiqi parçalarını dinləmiş, Azərbaycan mətbəxinin təamlarından dadmışdırlar.

Qeyd etmək lazımdır ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunan tədbirlər çərçivəsində 4 yanvar 2019-cu il tarixində saat 19:00-da Dubayın məşhur Citywalk meydanında Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva və Xəyyam Nisanovun açıq canlı konserti keçiriləcək. Konsert ödənişsizdir.

 

növbəti xəbər əvvəlki xəbər