2018-11-05
Dubayda Azərbaycan Evində gənc Azərbaycanlı rəssamlarının sərgisi təşkil edilmişdir

4 noyabr 2018-ci ildə Dubay şəhərinin mərkəzində, məşhur Bürc əl-Ərəb oteli yaxınlığında yerləşən cari ildə rəsmi açılışı planlaşdırılan Azərbaycanın BƏƏ-dəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Ticarət Nümayəndəliyinin yerləşdiyi Ticarət Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş Gənc Azərbaycan rəssamların sərgisinin açılış mərasimi keçirilmişdir.

Səfirlik və Ticarət Nümayəndəsi aparatı ilə birgə keçirilmiş mərasimdə “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev, tanınmış rəssam Sakit Məmmədov, teleaparıcı və xeyriyyəçi Nuran Hüseynov (Hacı Nuran), gənc rəssamlar, BƏƏ-nin iş adamları, incəsənət xadimləri, Səfirlik, Ticarət Nümayəndəliyi və Baş Konsulluğun əməkdaşları iştirak etmişdirlər.

Tədbirdə çıxış edən Azərbaycanın BƏƏ-ki səfiri Daşqın Şikarov Azərbaycan Xalq Cümhuriyyəti haqqında danışmış, ADR-in varisi olan Azərbaycan Respublikasının müstəqillik qazandıqdan sonra milli mədəniyyətimizin inkişafında yeni dövrün başlanıldığını vurğulamışdır. Mədəniyyətimizin ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyev erası ölkəmizin milli-mənəvi dəyərlərinin qorunması, təbliği və inkişafı ilə xarakterizə olunduğunu qeyd etmişdir. Bildirmişdir ki, milli mədəniyyətimizin təbliğinə dair ulu öndərin ideyalarının həyata keçirilməsində ölkəmizin birinci-vitse Prezidenti, UNESCO və İSESCO-nun xöşməramlı səfiri Mehriban xanım Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş genişmiqyaslı layihələr Azərbaycanın zəngin mədəniyyətinin dünyada geniş təşviqini təmin etmişdir.

1 Şikarov sərginin Azərbaycan mədəniyyətinin təbliği ilə yanaşı, eyni zamanda ölkələrimiz arasında münasibətlərin inkişafına da xidmət edəcəyini demişdir. Eyni zamanda diplomat ikitərəfli Azərbaycan-BƏƏ münasibətlərinə də toxunaraq əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirmişdir.

Azərbaycanın BƏƏ-ki  ticarət nümayəndəsi Elnur Əliyev öz nitqində yaxın zamanda Dubayda ölkəmizdə istehsal olunan malları təşviq edən və eyni zamanda ikitərəfli iqtisadi münasibətlərə təkan verəcək Azərbaycan Ticarət Evinin açılışının planlaşdırıldığını vurğulamışdır. Bildirmişdir ki, Ticarət Evi nəzdində Azərbaycan istehsalı olan məhsulların satışı, nümayişi və marketinqi mərkəzi, həmçinin Azərbaycan mətbəxinin bu ölkədə daha da tanıdılması və burada yaşayan azərbaycanlı icmanın toplaşmasına şərait yaratmaq məqsədilə “Azərbaycan Evi” adlı restoran və kafe fəaliyyət göstərəcək.

Sərgidə iştirak edən ölkəmizin Dubaydakı baş konsulu Cavidan Hüseynov Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti haqqında danışmış, sərginin Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində aparılan tədbirlərin tərkib hissəsi olduğunu vurğulamışdır.

“Dirşəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev başçılıq etdiyi qurumun fəaliyyəti barəsində bəhs etmiş, Mərkəzin dünyanın bir sıra ölkələrində bu kimi sərgilərin keçirtdiyini, bunun Azərbaycan mədəniyyətinin tanıdılması ilə yanaşı, gənc rəssamlar üçün güclü stimul olduğunu bildirmişdir.

Rəsmi açılış mərasimin sonunda səfir Daşqın Şikarov və ticarət nümayəndəsi Elnur Əliyev gənc rəssamlara fəxri diplomlar təqdim etmişlər.

Sərgidə nümayiş etdirilən 25 rəssamın çoxsaylı əsərləri tədbir iştirakçıların böyük marağına səbəb olmuşdur. Gənc  rəssamlar və dünyaca məşhur incəsənət xadimi Sakit Məmmədov sərgi iştirakçıların  çoxsaylı suallarını cavablandırmışdırlar.

Sərgiyə gəlmiş qonaqlara milli mətbəximizə məxsus şirniyyatlar, Azərbaycan istehsalı olan digər məmulatlar təklif olunmuşdur. Sərgi zamanı Nuran Hüseynov, Təranə Salmanova və Leyla Qurbanova Azərbaycan milli musiqi şedevrlərini royalda ifa etmişdirlər.

https://www.youtube.com/watch?v=XQr0ONtDnTU&feature=youtu.be

əvvəlki xəbər