2018-10-11
Səfir Abu Dabi Ticarət və Sənaye Palatasının baş direktoru ilə görüşmüşdür

Səfir Daşqın Şikarov Abu Dabi Ticarət və Sənaye Palatasının baş direktoru Məhəmməd Hilal əl-Muhairi ilə görüşmüşdür.

Görüşdə səfir Azərbaycanın ümummilli lideri Heydər Əliyev və BƏƏ-nin banisi Şeyx Zayed tərəfindən əsası qoyulmuş Azərbaycan-BƏƏ arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti barədə məlumat verərərək, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə əldə edilmiş nailiyyətlər, həyata keçirilən iri miqyaslı beynəlxalq layihələr və tədbirlər, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar və aparılan islahatlar, əlverişli biznes və investisiya mühiti haqqında danışmışdır. İqtisadi əlaqələrin hazırkı vəziyyətinə və potensialına toxunan səfir qeyd etmişdir ki, 2016-2018-ci illər ərzində BƏƏ-dən Azərbaycana gedən turistlərin sayında müşahidə edilmiş kəskin artım, bibaşa uçuşların həftəlik 50-yə çatması iki ölkənin əhalisi və biznes dairələr arasında qarşılıqlı məlumatlılıq və anlayışı artırmışdır ki, bu da iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün imkan yaradır. Daşqın Şikarov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın BƏƏ ilə əlaqələrə xüsusi önəm verdiyini diqqətə çatdıraraq, Azərbaycanın xarici ölkələrdə açılmış dörd ticarət nümayəndəliyindən birinin də BƏƏ-də təsis edilməsi və təcrübəli ticarət nümayəndəsinin təyin olunmasının BƏƏ ilə əməkdaşlığa verilən önəmin göstərici olduğunu qeyd etmiş, görüşdə iştirak edən Azərbaycanın BƏƏ-dəki səfirliyinə təyin olunmuş ticarət nümayəndəsi Elnur Əliyevi baş direktora təqdim etmişdir.

Daşqın Şikarov BƏƏ ilə iqtisadi və ticari əməkdaşlıq əlaqələrinin ənənəvi olaraq Dubaya hədəfləndiyini, lakin səfirliyin Abu Dabi və digər əmirliklərlə də əməkdaşlıq üçün potensial gördüyünü baş direktorun diqqətinə çatdıraraq, səfirliyin yerləşdiyi və siyasi mərkəz olmaqla yanaşı ölkə ərazisinin 83%-ni əhatə edən Abu Dabi əmirliyində Azərbaycan məhsulları və xidmətləri üçün böyük alıcı kütləsinin mövcud olduğunu vurğulamışdır. Səfir məhz bu səbəbdən səfirliyin BƏƏ-nin Dubay və Şarja vasitəsilə Azərbaycanla birbaşa hava əlaqəsinin olmasına baxmayaraq, Abu Dabidən də Bakıya birbaşa uçuşlara başlanmasını təşəbbüs etdiyini və buna nail olduğunu, Abu Dabidə keçirilən Şeyx Zayed İrsi beynəlxalq ticarət və mədəniyyət sərgisində Azərbaycan pavilyonunun yaradıldığını, Abu Dabidə keçirilən digər tədbirlərdə Azərbaycanlı iş adamlarının və dövlət dairələrinin iştiraka təşviq edildiyini bildirmişdir.

Səfir Dubay Ticarət və Sənaye Palatasının Azərbaycanla təmaslarının daha sıx olduğunu diqqətə çatdıraraq, Dubay palatasının Azərbaycanda nümayəndəliyinin olmasının bu işdə müstəsna rol oynadığını qeyd etmişdir. O, Abu Dabi palatası ilə də Azərbaycanın işgüzar dairələri arasında əlaqələrin inkişaf etdirilməsi arzusunu ifadə etmiş, Abu Dabi palatasının rəhbərliyi və üzvlərinin Azərbaycana səfərinin təşkil edilməsi, qarşıdan gələn iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın iclasında və digər tədbirlərdə iştirak etmələrini təklif etmişdir.

Daşqın Şikarov BƏƏ-nin əldə etdiyi inanılmaz nailiyyətlərə də toxunaraq, yarım əsr öncə tamamilə səhralıq olan ərazidə belə inanılmaz infrastruktur yaradılmasının hər kəsi valeh etdiyini, burada yaşayan Azərbaycanlıların, səfirlik əməkdaşlarının və ailələrinin BƏƏ-də olmaqdan çox məmnun olduqlarını da ifadə etmişdir.

Məhəmməd əl-Muhairi ölkəsi haqqında deyilmiş xoş sözlərə minnətdarlığını yetirərək, Abu Dabi palatası tərəfindən keçirilmiş son tədbirlər və BƏƏ iş adamlarının xarici ölkələrə təşkil olunmuş səfərləri barədə məlumat vermişdir. Baş direktor Azərbaycanın həm turistik, həm də işgüzar istiqamət kimi BƏƏ-də imicinin artmasına sevindiyini bildirmiş, bu istiqamətdə rəhbərlik etdiyi palatanın hər cür əməkdaşlığa hazır olduğunu qeyd etmişdir. Məhəmməd əl-Muhairi Dubay palatası ilə sıx əməkdaşlıq etdiklərini, tələb olunduqda Bakıdakı nümayəndəliyin xidmətlərindən və məlumat dəstəyindən faydalandıqlarını bildirmiş, Abu Dabidə Azərbaycanla və bu əmirliklə bağlı Azərbaycanda məlumatlılığın artırılmasının vacibliyi barədə səfirin fikirlərini dəstəklədiyini vurğulamışdır.

Məhəmməd əl-Muhairi Abu Dabi iş adamlarından ibarət heyətin Azərbaycana səfərinin təşkil edilməsi ilə əlaqədar palatanın idarə heyətinə təklif təqdim ediləcəyini də qeyd etmişdir.

Görüşdə iştirak edən Azərbaycanın BƏƏ-dəki səfirliyinin nəzdində ticarət nümayəndəsi Elnur Əliyev ticarət nümayəndəliyi təsis olunan gündən hal-hazıradək görülmüş işlər barədə baş direktora məlumat vermişdir. O, iqtisadi və ticarət əlaqələrinin daha çox qurulduğu Dubayda bir neçə seqmentdən ibarət Azərbaycan evinin yaradıldığı, bu işlər çərçivəsində nəzərdə tutulan tədbirlər barədə ətraflı danışmış, eyni tədbirlərin Abu Dabidə də həyata keçirilməsinin arzu olunduğunu diqqətə çatdırmışdır. Elnur Əliyev Azərbaycan və Abu Dabi iş adamları arasında birbaşa təmasın təşkil edilməsi barədə fikirlərini bölüşərək, yaxın zamanlarda belə bir tədbirin təşkilini təklif etmişdir.

Görüşün yekunu üzrə yaxın gələcəkdə konkret tədbirlərin həyata keçirilməsi barədə razılıq əldə olunmuşdur. Səfir Daşqın Şikarov bir daha Məhəmməd əl-Muhairini rəsmi və istirahət məqsədilə Azərbaycana səfərə dəvət etmiş, bu istiqamətdə istənilən əməkdaşlığın səfirlik tərəfindən göstəriləcəyini vurğulamışdır. 

növbəti xəbər əvvəlki xəbər