2018-09-17
Səfir Daşqın Şikarov Xəlifə Fondunun baş direktoru Məhəmməd Haci əl Xuri ilə görüşüb

Khalifa Foundation meeting

Səfir Daşqın Şikarov Xəlifə Fondunun baş direktoru Məhəmməd Haci əl Xuri ilə görüşüb

 

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov BƏƏ Prezidenti Şeyx Xəlifə bin Zayed əl Nəhyanın adını daşıyan Xəlifə Fondunun baş direktoru Məhəmməd Hacil əl Xuri ilə görüşmüşdür.

 

2007-ci ildə yaradılmış Xəlifə Fondu “Rifah naminə təşəbbüslərin önündə” şüarı altında əsasən təhsil və səhiyyə sahəsində ölkə daxilində və xaricində çox sayda layihələr həyata keçirir. Təhsil sahəsində həyata keçirilən layihələr daha çox region ölkələrində ixtisas təhsilinə, səhiyyə layihələri aclıq, uşaqların müdafiəsi, su ehtiyatlarından istifadənin təmin olunmasına hədəflənmişdir. BƏƏ Prezidentinin qardaşı, baş nazirin müavini  Şeyx Mansur bin Zayed əl Nəhyanın sədri olduğu Xəlifə fondu təhsil və səhiyyə müəssisələrinin inşasında zəngin təcrübəsi var. Asiya və Afrika ölkələrində təhsil və səhiyyə müəssisələrinin yaradılması, həmçinin mövcud müəssisələrə yardımların göstərilməsi, qeyd olunan sahələrdə digər layihələrin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən fond bir sıra Avropa ölkələrində məscidlərin və islam mərkəzlərinin tikilməsi və saxlanılması ilə də məşğuldur, bugünədək həyata keçirilmiş layihələr ümumilikdə 87 ölkəni əhatə edir. MDB regionu ölkələrində Xəlifə Fondu tərəfindən həyata keçirilmiş layihələrə misal olaraq Türkmənistanda Şeyx Xəlifə Hospitalı və Qazaxıstanda Şeyx Xəlifə məktəbinin inşasını göstərmək olar. Xəlifə Fondu layihələrinin həyata keçirilməsində BMT-nin aidiyyəti agentlikləri və digər beynəlxalq təşkilatlar ilə əməkdaşlıq edir.

 

Azərbaycan və BƏƏ arasında dostluq əlaqələri əsasında qurulmuş sıx əməkdaşlıq münasibətlərinin mövcud olduğunu bildirən səfir Daşqın Şikarov ikitərəfli siyasi və iqtisadi əlaqələr barədə qısa məlumat vermiş, son illərdə Azərbaycanın turistik cəlbediciliyinin artması, BƏƏ-dən Azərbaycana səfər edən turistlərin 50 dəfəyədək çoxaldığı, iyul ayından etibarən BƏƏ rezident vizası olan bütün ölkə vətəndaşlarına Azərbaycana gələrək yerində viza almaq imkanının yaradılması ilə bu axının daha da artdığı, BƏƏ sakinlərinin Azərbaycana tez-tez turistik səfərlər etməsinin ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin zənginləşməsində şərait yaratdığı barədə danışmışdır.

 

Azərbaycanın istər təşəbbüskarı və əsas iştirakçısı olduğu emerji və nəqliyyat sahələrində həyata keçirilən iri layihələr, istərsə də hər il ölkədə təşkil olunan böyük mədəni, musiqi, humanitar və idman tədbirləri ilə dünyada imicinin artdığı və mövqeyinin möhkəmləndiyi barədə məlumat verən səfir hələ 1990-cı illərdə Ermənistanın işğalı nəticəsində torpaqlarının 20%-nin işğalı, bir milyondan çox qaçqın və məcburi köçgün, nəhəng iqtisadi, mədəni və humanitar zərərlə qarşı-qarşıya qalan Azərbaycanın ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında inkişaf yolu tutduğu, Prezident İlham Əliyevin müdrik idarəetməsi nəticəsində bu gün regionda və dünyada möhkəm mövqe tutmuş ölkəyə çevrildiyi barədə danışmışdır. Səfir bir zamanlar xarici ölkələrin və təşkilatların maliyyə yardımına ehtiyacı olan Azərbaycanın özünün donor ölkəsinə çevrildiyini və beynəlxalq inkişafda rol oynadığını diqqətə çatdırmışdır. Bu kontekstdə səfir Azərbaycan xalqının dahi rəhbərinin adını daşıyan Heydər Əliyev Fondu barədə məlumat verərək Azərbaycanın birinci xanımı, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fond tərəfindən Azərbaycanda və bir sıra xarici ölkələrdə təhsil, səhiyyə, mədəniyyət sahələrində həyata keçirilmiş müxtəlif layihələr barədə danışmışdır.

 

Heydər Əliyev Fondunun fəaliyyəti barədə geniş məlumat verən səfir uşaq evləri və internat məktəblərinin inkişafı proqramı çərçivəsində Azərbaycan üzrə 40-dan artıq uşaq müəssisəsinin əsaslı şəkildə təmir edildiyi, yeniləşən Azərbaycana yeni məktəb proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı bir neçə yüz məktəb binasının inşa olunduğu, təhsilə dəstək layihəsi çərçivəsində 30-a yaxın uşaq bağçasının inşa olunaraq müasir avadanlıqla təchiz edildiyi barədə danışmışdır. O, Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda keçirilən layihələrin məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramını da əhatə etdiyi, proqramda müəssisələrin təmiri, yeni binaların inşası, təhsilin, tibbi xidmətin, qidanın keyfiyyətinin yaxşılaşdırılması, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı müəssisələrin aidiyyəti üzrə istifadəyə verilməsinin təmin edilməsi və digər məsələlərin həllini də əhatə etdiyini qeyd etmişdir.

 

Heydər Əliyev Fondunun Azərbaycanın hüdudlarından kənarda da bir çox layihələr həyata keçirdiyini diqqətə çatdıran səfir Pakistanda, Gürcütsanda, Niderlandda, Misirdə, Rumıniyada bir sıra məktəblərin yenidən qurulduğu və əsaslı təmir olunduğu, Pakistanın müxtəlif əyalətlərində su təhcizat sisteminin inşa olunduğunu, telasemiya mərkəsinin, göz klinikasının tikintisinə maliyyə yardımının göstərildiyi,  ABŞ-ın Merilend ştatında yerləşən məktəblərə interaktiv lövhələrin və əlil uşaqlar üçün müvafiq avadanlığın alınmasına maliyyə yardımı edildiyi, Bosniya və Herseqovinada kor və zəif görən uşaqlar və gənclər üçün mərkəzin yenidən qurulduğu, Parisdəki Luvr muzeyində İslam incəsənəti bölməsinin yaradıldığı, Versal sarayında tarixi incəsənət abidələrinin, həmçinin İkinci Dünya müharibəsi nəticəsində dağıdılmış Berlin qəsrinin, Vatikan arxivində saxlanılan nadir əlyazmaların və orada yerləşən qədim heykəllərin bərpa işləri həyata keçirildiyi barədə geniş danışmışdır. Daşqın Şikarov Heydər Əliyev Fondunun beynəlxalq inkişafa verdiyi əvəzsiz töhfələrə görə fondun prezidenti Mehriban Əliyevanın bir çox ölkələrin və beynəlxalq təşkilatların, o cümlədən Fransanın “Şərəf Legionu” ordeni, Pakistanın “Hilal-e Pakistan” ali ordeni, Pakistanın “Şəhid Bənazir Bhutto” mükafatı, Serbiya və Macarıstanın dövlət mükafatları, Rusiya Beynəlxalq Xeyriyyə Təşkilatının “Yaqut xaç” mükafatı, Dünya Səhiyyə Təşkilatı mükafatı, Avropa Olimpiya Komitəsinin Ali Ordeni, “Qızıl ürək” beynəlxalq mükafatı, Polşanın ali fərqlənmə ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, Küveytin fəxri diplomu və digər yüksək orden və medallarla təltif olunduğunu qürurla diqqətə çatdırmışdır. 

 

Səfir Azərbaycanın beynəlxalq inkişafda rolunun əlaqələndirilməsi məqsədilə Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin yaradıldığı, agentlik tərəfindən bir sıra layihələrin uğurla həyata keçirildiyini diqqətə çatdırmışdır. Səfir agentliyinin işinin daha da təkmilləşdirilməsi məqsədilə ən yaxşı xarici təcrübənin öyrənilməsinə çalışıldığını da əlavə etmişdir. 

 

Daşqın Şikarov Azərbaycan və BƏƏ arasında bütün sahələrdə əməkdaşlığın yaxşı səviyyədə olduğunu və artan xətlə inkişaf etdiyini bir daha qeyd edərək, Xəlifə Fondu ilə Heydər Əliyev Fondu arasında əməkdaşlığın, həmçinin Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin Xəlifə Fondunun zəngin təcrübəsində yararlanmasının fayda verəcəyinə əminliyini diqqətə çatdırmışdır. 

 

Səfir Azərbaycanın 2017-ci ildə BƏƏ-nin birinci xanımı Şeyxa Fatimanın patronajlığı altında Xəlifə Fondu tərəfindən hər il keçirilən Şeyx Zayed İrsi beynəlxalq festivalında ilk dəfə iştirak etdiyini, festivalda müxtəlif Azərbaycan məhsullarının nümayiş vəsatışının həyata keçirildiyini, Azərbaycan milli rəqslərindən ibarət konsert proqramının təşkil edildiyini diqqətə çatdırmış və ölkəmizin bu il də BƏƏ-nin qurucusu və mənəvi atasının adını daşıyan bu möhtəşəm tədbirdə iştirak edəcəyini bildirmişdir. Səfir tədbirdə iştirakla bağlı Azərbaycana yaradılmış əlverişli şəraitə görə Xəlifə Fondunun baş direktoruna minnətdarlığını yetirmişdir.

 

Məhəmməd Haci əl Xuri görüş təşəbbüsünə və xoş sözlərə görə səfirə minnətdarlığını bildirmiş, Azərbaycanın uğurlarına sevindiyini, Mehriban xanım Əliyevanın fəaliyyəti və Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə BƏƏ mətbuatında oxuduğunu demiş, Azərbaycanla bu sahədə əməkdaşlıq təşəbbüsünü alqışladığını və buna sevinəcəyini bildirmişdir.

 

Azərbaycanın hazırda BƏƏ sakinləri arasında ən arzuolunan istiqamətlərdən biri olduğunu qeyd edən Məhəmməd əl Xuri Abu Dabidə Azərbaycan məhsullarının peyda olduğunu müşahidə etdiyini bildirmiş, gələcəkdə bu istiqamətdə dəstək lazım olarsa, müvafiq yardım göstərməyi vəd etmişdir.

 

Tərəflər gələcəkdə bu sahədə mümkün əməkdaşlıq imkanlarının araşdırılması və hər iki tərəf üçün faydalı olacaq istiqamətlərdə işləmək barədə razılıq əldə etmişdirlər.

növbəti xəbər əvvəlki xəbər