2018-04-08
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev  Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət naziri Ənvər Qarqaş Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı. Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransının önəminə toxunan Ənvər Qarqaş dövlətimizin başçısı ilə bundan əvvəl keçirilən görüşü məmnunluqla xatırladı. Ölkələrimiz arasında əlaqələrə toxunan Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Azərbaycanda turistlər üçün viza rejiminin sadələşdirilməsini yüksək qiymətləndirərək, bunun ölkəsindən xeyli sayda turistlərin Azərbaycana gəlməsi işinə böyük təkan verdiyini vurğuladı.

Dövlətimizin başçısı Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransında Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşın iştirakının önəmini qeyd etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirdi, BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının ildən-ilə artmasını məmnunluqla vurğuladı. Dövlətimizin başçısı Azərbaycanda turizmin inkişafı sahəsində görülən işlərə toxunaraq, viza rejiminin daha da sadələşdirilməsi istiqamətində əlavə addımların atılmasının nəzərdə tutulduğunu dedi və BƏƏ-dən gələn turistlərin təkcə Bakıya deyil, regionlara da səfər etmələrinin önəmini qeyd etdi.

Görüş zamanı iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Şeyx Xəlifə bin Zayed Al Nəhyanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə çatdırmağı xahiş etdi.

növbəti xəbər əvvəlki xəbər