2018-02-26
Xocalı faciəsi qurbanlarının xatirəsi Birləşmiş Ərəb Əmirliklərində anılmışdır

1992-ci ilin 26 fevral tarixində Azərbaycan xalqına qarşı törədilmiş Xocalı faciəsinin 26-cı ildönümü münasibətilə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyində anım tədbiri keçirilmişdir. Tədbirdə səfir Daşqın Şikarov, Azərbaycanın Dubay şəhərində Baş konsulu Cavidan Hüseynov, səfirliyin və baş konsulluğun əməkdaşları, Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev, Abu Dabi və Dubay əmirliklərində yaşayan həmvətənlərimiz iştirak etmişdirlər.

Xocalı faciəsi və Azərbaycanın dövlətçiliyi və müstəqilliyi naminə həyatlarını qurban vermiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra səfir Daşqın Şikarov çıxış edərək tək Azərbaycan xalqına yox, bütün bəşəriyyətə qarşı törədilmiş amansız Xocalı soyqırımı barədə danışdı, bu qanlı gecədə həlak olanlar barədə bir daha məlumat verdi. Soyqırıma siyasi-hüquqi qiymətin ilk dəfə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini bildirən səfir, Xocalı barədə həqiqətlərin dünya miqyasında yayılması məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük işlər gördüyünü bildirdi. O, fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüs etdiyi “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində diplomatik nümayəndəliklərimiz və diaspor təşkilatlarımız tərəfindən müxtəlif tədbirlərin həyata keçirildiyi, filmlər çəkildiyi, musiqilər bəstələndiyi və bu tədbirlər nəticəsində bu vəhşi təcavüzə düzgün siyasi qiymətin verilməsinə nail olunduğunu vurğuladı. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin və ona daim dayaq olan Mehriban Əliyevanın apardıqları xarici siyasət nəticəsində Xocalı soyqırımının bu gün İslam Əməkdaşlıq Təşkilatı, ABŞ-ın 20-dən çox ştatı, Pakistan senatı, bir çox Avropa, Asiya və Amerika qitələri ölkələri tərəfindən tanındığını, Xocalı qurbanlarına bir sıra ölkələrdə abidələrin qoyulduğunu diqqətə çatdırdı.

Daha sonra kürsü açıq elan edildi, tədbir iştirakçıları bu qanlı faciə barədə fikirlərini bölüşməyə dəvət edildilər. Azərbaycanın Azərbaycanın BƏƏ-də ticarət nümayəndəsi Elnur Əliyev Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycan dövlətinin, diplomatik nümayəndəliklərinin və diaspor təşkilatlarının çox işlər gördüyünü, lakin bu həqiqətlərin ilk növbədə Azərbaycanın gələcək nəsillərinə çatdırılmasının, xalqımıza qarşı törədilmiş bu vəhşiliyin yaddaşlardan silinməsinə imkan verilməməsinin zəruri olduğunu bildirdi, məhz bu səbəbdən belə tədbirlərə daha çox həmvətənlərimizin cəlb edilməsinin vacibliyini vurğuladı. O, Azərbaycana qarşı təcavüz siyasəti və bunun nəticəsində ölkəmizin, xalqımızın məruz qaldığı itkilər barədə həqiqətlərin mümkün qədər çox yayılmasının siyasi baxışları və sosial vəziyyətindən asılı olmayaq hər bir Azərbaycanlının vətən qarşısında borcu olduğunu da qeyd etdi.

Sonra BƏƏ-də yaşayan həmvətənlərimizindən iş adamı, təqaüddə olan hərbçi Adil Salmanov, Mediamost mətbuat qrupunun jurnalisti Əliheydər Rzayev, AJ Widian parfümeriya şirkətinin direktor müavini Ayaz Əliyev çıxış edərək, Xocalı faciəsi və Qarabağ müharibəsi ilə bağlı təəssürat və fikirlərini paylaşdılar, vətəndən uzaqda yaşamaqlarına baxmayaraq, bu həqiqətlərin daim əhatə olunduqları əcnəbilərə çatdırmağa çalışdıqlarını bildirdilər, bütün həmvətənlərimizi xalqımızın müstəqillik və dövlətçilik dayağı olan şəhidlərimizin uğrunda canlarını qurban verdikləri həqiqətləri daha çox kütlələrə çatırmaq üçün birgə çalışmağa səslədilər.

Daha sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, ermənilərin Azərbaycana qarşı tarixi 200 il öncəyə gedib çıxan torpaq iddiası və təcavüz siyasətini, Qarabağ müharibəsi və Xocalı soyqırımını, şəhid jurnalist Çingiz Mustafayevin lentə aldığı, bir çox kütlələrə naməlum olan, erməni vəhşiyinin tam açıqlığı ilə əks olunduğu kadrları əhatə edən film nümayiş etdirildi.

Filmdən sonra şəhidlərimizin xatirəsinə ehsan süfrəsi verildi.

 

növbəti xəbər əvvəlki xəbər