2018-02-14
Azərbaycan nümayəndə heyəti Dubayda Dünya Hökumətlər Sammitində iştirak etmiş, bir sıra ikitərəfli görüşlər keçirmişdir

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 11-13 fevral 2018-ci il tarixlərində VI Dünya Hökumətlər Sammiti keçirilmişdir. Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun himayəsi altında “Gələcək hökumətlərin proqnozlaşdırılması” şüarı altında keçirilən sammitdə 140-dan çox ölkənin olan hökumət başçıları və nazirləri, görkəmli ictimai-siyasi xadimlər, alimlər və mütəxəssislər, həmçinin bir sıra aparıcı beynəlxalq təşkilatların nümayəndələri olmaqla dörd mindən artıq qonaq iştirak etmişdir.

 

Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərliyi altında nümayəndə heyəti, Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov, səfirliyin və Dubaydakı baş konsulluğun əməkdaşları iştirak etmişdirlər.

 

Açılış mərasimində Şeyx Məhəmməd bin Rəşid Al Məktum çıxış edərək sammitin əhəmiyyətindən danışmış, sammitdə müxtəlif ölkələrin dövlət rəsmiləri və nüfuzlu ekspertlər global iqtisadi problemləri, Yaxın Şərqdə gedən hərbi-siyasi prosesləri, regionun sosial-iqtisadi durumunun beynəlxalq aləmə təsirini, habelə son elmi-texniki kəşfləri, sosial innovasiyalar sahəsində nailiyyətləri və təcrübə mübadilələri kimi mövzuları müzakirə etmişdirlər. Tədbirdə informasiya texnologiyaları ilə bağlı müasir çağırışlar və idarəetmə sistemində innovativ trendlərin tətbiqi, hökumətlərin və dövlət idarələrinin fəaliyyətinin təkmilləşdirilməsinə dair məsələlər, iqtisadiyyat, maliyyə, təhsil, səhiyyə, gənclər, texnologiyaların və innovasiyaların inkişafı, elmin gələcəyi, kosmik proqramlar, davamlı inkişaf, dövlət xidmətlərinin təkmilləşdirilməsi məsələləri, insanların həyatı ilə bilavasitə bağlı və dünyanın bütün ölkələrində cəmiyyətin müxtəlif seqmentləri üçün maraq doğuran bir sıra başqa mövzular müzakirə edilmişdir.

 

Tədbirdə iştirak çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri İnam Kərimov Misir Ərəb Respublikasının planlaşdırma və inzibati islahatlar naziri Hala El-Sayed, Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviç, Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkader, Portuqaliyanın inzibati modernləşdirmə üzrə naziri Maria Markeş, Uqanda Respublikasının dövlət xidmətləri naziri Wilson Muruli Mukasa ilə görüşmüş, qarşılıqlı əməkdaşlığa dair bir sıra məsələləri müzakirə etmişdir. Görüşlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və bu islahatların tərkib hissəsi olan "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri, habelə elektron hökumət quruculuğu məsələləri barədə ətraflı məlumat verilmişdir. “ASAN Viza”, “ASAN ödəniş”, “ASAN 2.0”, “ABAD” layihələri ilə bağlı fikir mübadiləsi aparılmış, ıb və qeyd olunan sahələrdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

 

Bununla yanaşı, səfər çərçivəsində “ASAN Viza”nın tanıdılması, “ASAN viza 2.0” layihəsinin və yeni effektiv həllərin tətbiqi məqsədilə Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin baş direktoru general-mayor Məhəmməd Əhməd Əl Mərri, o cümlədən BƏƏ-nin Etihad və Air Arabia hava yolları şirkətlərinin rəsmiləri ilə görüşlər keçirilmiş, əməkdaşlığa dair ilkin razılıq əldə olunmuşdur.

növbəti xəbər əvvəlki xəbər