2017-12-30
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı Abu Dabidə keçirilən festivalda Azərbaycan gecəsi keçirilmişdir

1 dekabr 2017-ci il tarixindən 27 yanvar 2018-ci il tarixinədək Əbu Dabi şəhərində Şeyx Zayed İrsi Beynəlxalq Festival keçirilir. Festivalda Çin, Rusiya, Türkiyə,  Ukrayna, Mərkəzi Asiya ölkələri, Ərəb ölkələri də daxil olmaqla 24 ölkə iştirak edir. 

2017-ci ildə keçirilən sözügedən festivalda Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın məhsul və xidmətlərindən ibarət pavilyonu qurulmuşdur.  Pavilyonda Azərbaycan istehsalı olan sərinləşdirici içkilər, çaylar, konservləşdirilmiş ərzaq məhsulları, mürəbbələr, quru meyvələr və çərəzlər, halal standartlara uyğun olaraq orqanik istehsal olunan kosmetika məhsulları, turizm xidmətlərinin satışı həyata keçirilir.

Hər il iki milyondan çox ziyarətçisi olan və bir çox dünya ölkələrinin dövlət və hökumət başçıları, yüksək vəzifəli rəsmiləri, ictimai, siyasi, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər və blogerlərin ziyarət etdiyi festivalda Azərbaycan pavilyonunuyüksək maraqla qarşılanmışdır.

30 dekabr 2017-ci il tarixində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə səfirlik tərəfindən festivalın mədəni hissəsində Birləşmiş Ərəb Əmirlərində yaşayan azərbaycanlı uşaqların iştirakı ilə Azərbaycan milli rəqslərinin nümayişi təşkil edilmişdir.

Tədbir çərçivəsində təşkil edilmiş paradda pavilyonumuzun iştirakçıları milli paltarlarda Azərbaycanın dövlət bayrağını bütün festival ərazisində gəzdirmiş, ziyarətçilərlə şəkillər çəkdirmiş, Azərbaycan barədə geniş məlumat vermişdirlər.

Daha sonra festivalın səhnəsində səfirliyin nəzdində fəaliyyət göstərən Qarabağ İnciləri özfəaliyyət qrupunun üzvlərinin ifasında Azərbaycan rəqsləri nümayiş etdirilmişdir. Rəqslər tədbir iştirakçılarının böyük marağına səbəb olmuş, qonaqlar milli paltarda olan rəqs ifaçıları ilə şəkillər çəkdirmişdirlər. Azərbaycan rəqsləri gecə boyu festivalın bir neçə müxtəlif səhnəsində fasilələrlə nümayiş etdirilmişdir. Rəqslərin tədbirin sonunadək bir neçə dəfə təşkili planlaşdırılır.

Qeyd olunmalıdır ki, sözügedən tədbir BƏƏ aparıcı televiziya kanalları tərəfindən nümayiş etdirilmişdir, həmçinin tədbir haqqında geniş reportaj ölkənin bütün elektron mediası tərəfindən geniş yayımlanmışdır.

Festival çərçivəsində keçirilmiş tədbirlə bağlı hazırlanmış videosüjetin linki əlavə olunur.

 

https://www.youtube.com/watch?v=KlE5VAPDJ6A

növbəti xəbər əvvəlki xəbər