2017-12-01
Abu Dabidə keçirilən möhtəşəm Şeyx Zayed İrsi Festivalında Azərbaycan pavilyonla təmsil olunur

Abu Dabidə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, xalqın mənəvi atası Şeyx Zayedin xatirəsinə həsr olunaraq hər il keçirilən beynəlxalq festivalda ilk dəfə olaraq Azərbaycan pavilyonu təşkil edilmişdir. 1 dekabr 2017-ci il tarixindən 25 yanvar 2018-cil il tarixinədək davam edəcək festivalda Azərbaycan pavilyonunun qurulması təşəbbüsü Azərbaycanın BƏƏ-dəki səfirliyi tərəfindən irəli sürülmüşdür. Tədbirin təşkilatçısı olan, ölkə prezidentinin adını daşıyan və fəaliyyətini millətin anası, ölkənin birinci xanımı Şeyxa Fatimənin patronajlığı altında həyata keçirən Xəlifə Fondu ilə təmas quran səfirlik festivalda Azərbaycan üçün yerin ayrılması barədə razılıq əldə etmiş, Azərbaycanın İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə ölkəmizin şirkətləri üçün iştirak imkanı yaratmışdır.

Ötən il ziyarətçiləri iki milyon nəfəri ötən festivalda 20-dən çox ölkə özlərinin müxtəlif məhsullarının və xidmətlərinin satışını həyata keçirir. Festivalın ilk günü səfir Daşqın Şikarov və xanımı Ülviyyə Şikarova, o cümlədən səfirliyin əməkdaşları Azərbaycan pavilyonunu ziyarət etmiş, təşkilati məsələlərin vəziyyəti ilə maraqlanmışdırlar. Şirkətlər arasında BƏƏ bazarında fəaliyyətini yeni qurmuş və genişləndirən Qazelli kosmetik məhsullar və Zakher turizm xidmətləri şirkətləri tədbirin məhsul və xidmətlərin bu bazarda daha çox tanıdılması üçün yaxşı platforma olduğunu bildirmişdirlər. Pavilyonda Azərbaycanda istehsal olunan qida və içki məhsulları, turizm xidmətləri, suvenirlər və digər məhsullar sərgilənir.

3 dekabr tarixində BƏƏ-nin vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl Nəhyan festivalı ziyarət etmiş, ölkələrin pavilyonları ilə tanış olmuşdur. Şeyx Məhəmmədin iştirakı ilə keçirilmiş xüsusi tədbir proqramında Azərbaycan səfiri və xanımı da iştirak etmişdirlər.

Qeyd etmək lazımdır ki, səfirlik iki ay davam edəcək festivalın mədəni hissəsində Azərbaycandan musiqiçilərin çıxışlarının da təşkil edilməsi və maliyyələşdirilməsi barədə razılıq əldə edilmiş, müvafiq təklif Mədəniyyət və Turizm Nazirliyinə göndərilmişdir.

Tədbir boyunca Azərbaycan pavilyonunun daha da zənginləşdirilməsi nəzərdə tutulur.

növbəti xəbər əvvəlki xəbər