2017-09-14
Əli və Nino filminin Birləşmiş Ərəb Əmirliklərində nümayişinə başlanılıb

14 sentyabr 2017-ci il tarixindən Birləşmiş Ərəb Əmirliklərinin Cine Royale və Vox kinoteatr şəbəkələrində Abu Dabi, Dubay və Əl Əyn şəhərlərində Əli və Nino filminin nümayişinə başlanılıb. Film ingilis dilində nümayiş etdirilir, ərəb dilində subtitrlərlə müşayiət olunur.

Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov və səfirliyin əməkdaşları filmin premyerasını Abu Dabidə izləyiblər.

Filmin təqdimatı 5 oktyabr 2016-cı il tarixində Bakıda Heydər Əliyev Mərkəzində keçirilib. Layihə rəhbəri və icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.

Filmin BƏƏ-də nümayişi şübhəsiz ki, artıq məşhur turistik ölkə kimi tanınan Azərbaycanın bu ölkədə daha çox təbliğinə xidmət edəcək.

növbəti xəbər əvvəlki xəbər