2017-04-02
BƏƏ Baş Qadın Federasiyasının təşəbbüsü ilə cari ilin 26 mart – 04 aprel tarixlərində “Millətin Anası” festivalı keçirilir.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mərhum qurucusu Şeyx Zayed bin Sultan Əl Nəhyanın həyat yoldaşı, öz nəcib əməlləri ilə “Millətin Anası” kimi yüksək ada layiq görülmüş Əla Həzrət Şeyxə Fatimə bint Mübarəkin, həmçinin rəhbərlik etdiyi BƏƏ Baş Qadın Federasiyasının təşəbbüsü ilə cari ilin 26 mart – 04 aprel tarixlərində “Millətin Anası” festivalı keçirilir.

Federasiya ilə daha sıx təmasda olan diplomatik missiya rəhbərlərinin xanımları festival çərçivəsində açıq havada və yerli vətəndaşların sıx yaşadıqları “Əl-Batin” rayonunda dəniz kənarında Mədəniyyət Gecəsinin təşkil edilməsi təşəbbüsü ilə çıxış edib. Təşəbbüsə görə, yüzlərlə yerli tamaşaçının önündə milli rəqslər nümayiş olunur.

Səfir Daşqın Şikarovun xanımı Ülviyyə Şikarovanın Baş Qadın Federasiyasının rəhbərliyi ilə davamlı təmasları nəticəsində Mədəniyyət Gecəsinin açılışı Azərbaycandan başlayıb. Açılışdan öncə publika qarşısında çıxış edən Ü.Şikarova müxtəlif mədəniyyətlərin bir-birinə daha da yaxınlaşdırılması, eləcə də yerli vətəndaşlarda digər mədəniyyətlər haqda aydın təsəvvürün yaradılması üçün yaradılan şəraitə görə Əla Həzrət Şeyxə Fatimə bint Mübarəkə təşəkkürünü bildirib və Əla Həzrətin zəngin çoxşaxəli fəaliyyətinə toxunub.

Fürsətdən istifadə edərək, Səfir xanımı Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın beynəlxalq və regional fəaliyyətlərindən söz açıb. Heydər Əliyev Fondunun istər ölkənin daxilində, istərsə də xaricində səhiyyə, təhsil və digər humanitar sahələrdə gördüyü işlərdən geniş bəhs edib.

Ü.Şikarovun çıxışından sonra Səfirliyin nəzdində fəaliyyət göstərən “Qarabağ inciləri” rəqs ansamblının iştirakçıları Aliyə Şahhüseynova, Qumral Yusifova, Ceyla Musa, Nəsrin Elnur qızı və s. tərəfindən “Yallı”, “Sarı Gəlin”, “Ay Qaşı Gözü Qara Qız” kimi kollektiv və fərdi rəqs nümunələri ifa olunub və tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb. Səhnədə quraşdırılan böyük ekranda ölkəmizi təbliğ edən video çarxlar da rəqslər boyu izləyicilərin marağına səbəb olub.   

növbəti xəbər əvvəlki xəbər