2017-02-28
Azərbaycan Əbu-Dabidə keçirilən “Beynəlxalq Mədəniyyət Günü” tədbirində təmsil olunub

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən ən çoxmillətli məktəblərdən biri olan “Gems American Academy” məktəbində “Beynəlxalq Mədəniyyət Günü” keçirilib. Qeyd edək ki, burada təhsil alan şagirdlərin qarşısında ziyarətçilərdə öz ölkələrinin mədəniyyəti haqda qısa və dolğun təsəvvür yaratmaq məqsədi qoyulub.

Ölkəmizin tədbirdə yüksək səviyyədə təmsil olunması üçün Azərbaycan səfirinin xanımı Ülviyyə Şikarova həmin tədbirdən əvvəl məktəbdə təhsil alan digər azərbaycanlı şagirdlərin valideynləri ilə birlikdə fəaliyyət planı işləyib hazırlayıb və bütün işlərin planauyğunluğunu təmin etmək üçün onlarla mütəmadi olaraq bir araya gəlib.

Tədbirdən əvvəl məktəbin rəhbərliyi ilə şagirdlərin valideynləri arasında görüş keçirilib. Ü.Şikarova mədəniyyət gününün məzmununu daha da zənginləşdirmək məqsədilə hər bir xalqın mədəniyyətinin ayrılmaz hissəsi olan milli rəqs nömrələrinin də ardıcıllıqla təşkil edilməsi təşəbbüsü ilə çıxış edib. Təşəbbüs həm təşkilatçılar, həm də valideynlər tərəfindən müsbət qarşılanıb.

Ü.Şikarova, həmçinin milli kulinariyamıza xas olan nümunələri daim mənimsəməyə çalışan Ermənistanın həmin məktəbdə təmsil olunmamasına baxmayaraq, bu ölkənin Əbu-Dabidəki səfirliyinin və ya icmasının istənilən mümkün təxribatının önləyici addımlar vasitəsilə qarşısının alınması üçün hər bir təamın adının etimologiyasının qonaqlara düzgün izah olunmasını tövsiyə edib və dolmanı misal çəkib.

ABŞ, Böyük Britaniya, İtaliya, İspaniya, İsveç, Rusiya və digər Avropa ölkələri ilə yanaşı, Yaponiya, Koreya Respublikası, Yeni Zelandiya, Pakistan, Hindistan, İndoneziya, İordaniya, Livan, Suriya, Misir, Fələstin, Venesuela və digər ölkələrin nümayəndələrinin qatıldığı mədəniyyət günündə Azərbaycan guşəsində səfirliyin əməkdaşlarının ailə üzvləri və Əbu-Dabidəki Azərbaycan icmasının fəal üzvləri də iştirak ediblər.

Guşəmizdə dolma, aş, qutab, habelə Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səmərəli fəaliyyəti nəticəsində UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olan lavaş, eləcə də şəkərbura, paxlava, külçə, şəkərçörəyi kimi milli mətbəximizin nümunələri, o cümlədən ölkəmizin fiziki xəritəsini və görməli yerlərini əks etdirən fotostend qonaqlara təqdim edilib.

Qonaqlara Azərbaycan yeməkləri, eləcə də unikal turizm yerlərimiz, zəngin mədəniyyətimiz haqqında məlumat verilib. Ölkəmizin tarixini, mədəniyyətini və turizm abidələrini, o cümlədən mənzərəli yerlərini əks etdirən suvenirlər ziyarətçilərə təqdim edilib.

 

növbəti xəbər əvvəlki xəbər

 

 

bakushop