2017-02-17
Azərbaycan “İDEX-2017” beynəlxalq müdafiə sənayesi sərgisində təmsil olunur

Əbu-Dabinin Milli Sərgi Mərkəzində 13-cü Beynəlxalq konfrans və “İDEX-2017” müdafiə sənayesi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət şeyx Xəlifə bin Zayed Al Nəhyanın himayəsi altında keçirilən sərgidə Azərbaycanı fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin, müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədovun və Daxili İşlər Nazirliyinin baş maddi-texniki təchizat idarəsinin rəisi Elçin Həsənovun başçılıq etdikləri dörd nümayəndə heyəti təmsil edir.

Sərgidə dünyanın 57 ölkəsindən 1235 şirkət təmsil olunur. Onlar müdafiə təyinatlı perspektivli texnologiyaları, sistemləri və avadanlıqları təqdim edəcəklər. Sərgi çərçivəsində, həmçinin silahın müxtəlif nümunələri nümayiş etdiriləcək və bu silahlardan nümunəvi atəşlər açılacaq.

İDEX – silahların və təhlükəsizlik texnologiyalarının nümayiş etdirildiyi ən nüfuzlu beynəlxalq sərgilərdən biridir. Bu səbəbdən də silah və hərbi texnika istehsalçılarının və sifarişçilərinin diqqətini daim cəlb edir.

Eyni zamanda, “İDEX-2017” çərçivəsində dünyanın 27 ölkəsindən 99 aparıcı şirkətin iştirakı ilə “NAVDEX-2017” IV Beynəlxalq dəniz müdafiə sənayesi sərgisi keçirilir.

Silah ekspozisiyası fevralın 23-dək davam etdiriləcək.

növbəti xəbər əvvəlki xəbər

 

 

bakushop