2017-01-19
Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyinin və Baş Konsulluğunun birgə təşkilatçılığı ilə cari ilin 18 yanvar tarixində Səfirliyin inzibati binasında 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib.

Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra səfir Daşqın Şikarov tədbirə qatılan Azərbaycan icmasının fəallarının qarşısında nitqlə çıxış edib. Vurğulayıb ki, 20 Yanvar hadisələri müstəqillik və azadlıq uğrunda dinc mübarizəmizin qətiyyətliyini və dönməzliyini daha da möhkəmləndirdi, ölkəmizdə 70 illik kommunizm əsarətinin süqutu prosesinin sürətləndirdi.

20 Yanvar qırğınının səbəblərinə və təfərrüatlarına, eləcə də onu müşayiət edən erməni təcavüzünün ilk işartılarına dərindən nəzər salan səfir bütün bunların birlikdə Azərbaycan xalqına qarşı əvvəlcədən qurulmuş bir ssenarı olduğunu xüsusilə qeyd edib. Ancaq xalqımıza xas olan mərdliyin sanki müharibəyə hazırlanmış kimi dırnaqdan təpəyə qədər silahlanmış sovet əsgərlərinə qarşı öz sözünü dediyini və bugünkü azadlığı bizə bəxş etdiyini vurğulayıb.

Ardınca diplomat ümummilli lider Heydər Əliyevin faciəyə dair cəsarətli addımını xatırlayaraq, müstəqillik dövründə ulu öndərin, eləcə də onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın 20 Yanvar və ümumiyyətlə Qarabağ müharibəsinin şəhidlərinin ailələrinə göstərdikləri diqqət üzərində dayanıb.

Ümummilli liderin cəsarətli addımına gəlincə, bu xüsusda, D.Şikarov tədbir iştirakçılarının diqqətini ulu öndərin Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən olduğuna çəkib. Dahi şəxsiyyətin Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də  Azər­baycanın Moskvadakı daimi nümayən­dəliyinə gəldiyini, təcavüzə kəs­kin etirazını bildirdiyini, faciəni törədən­ləri, şəxsən M.Qorbaçovu kəskin it­tiham etdiyini, qoşunların Bakıdan çıxarıl­masını tələb etdiyini xatırladıb və bununla da ümummilli liderin imperiyanın mərkəzində, Moskvada verdiyi bəyanatın faciəyə verilən ilk siyasi qiymət olduğunu özəlliklə qeyd edib.

Səfir eyni zamanda, ulu öndər Heydər Əliyevin göstərişinə əsasən, 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərə­rək həlak olmuş Azərbaycan vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verildiyini, dahi şəxsiyyətin xalqın israrlı tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından bəri şəhidlərin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlərin görüldüyünü və bu gün də görülməkdə olduğunu önə çəkib.

Bakının ən möh­tə­şəm məkanında Vətən uğrunda can­la­rını qurban vermiş mərd, igid oğul və qızla­rımızın uyuduğu Şəhidlər xiyabanının  xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrildiyini deyən diplomat şəhidlərimizin və Şəhidlər xiyabanının azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacağına dair əminliyini ifadə edib.

Sonra D.Şikarov ulu öndərin yolunu müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyevin müharibə veteranlarının, şəhid ailələrinin və əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyduğunu qeyd edərək, ölkəmizdə bu istiqamətdə böyük tədbirlərin həyata keçirildiyini, şəhid ailələrinin və əlillərin sosial təminatının ildən-ilə daha da möhkəmləndirildiyini, ölkənin iqtisadi durumunun yüksəlməsinin özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərdiyini qabardıb.

Nitqinin yekun hissəsində D.Şikarov bütün sahələrdə həyata keçirdiyi layihələri, xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə, hətta dünyada diqqət mərkəzində olan Heydər Əliyev Fondunun və onun Prezidenti Mehriban xanım Əliyevanın müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinə də böyük qayğı ilə yanaşdığını yada salaraq, Heydər Əliyev Fondunun 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər gördüyünü xüsusilə qeyd edib. 

“Ümummilli Liderin şah əsəri olan və Prezident İlham Əliyevin uzaqgörənliyi və siyasi təcrübəsi ilə daha da inkişaf etdirilən Azərbaycan bu gün regional və qlobal səviyyədə dinamik inkişafda olan ölkələr sırasında öz layiqli yerini tutur. Biz fəxr etməliyik ki, mərd övladların və dahi şəxsiyyətlərin bizə miras qoyduğu gözəl və dünyanı heyran edən Azərbaycanın vətəndaşlarıyıq” deyə, səfir öz nitqini tamamlamışdır.

Daha sonra çıxış edən baş konsul Pərviz İsmayılzadə 1990-cu ilin 20 yanvar tarixinin Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi olduğunu, bu günün respublikamızın mübarizlik, qəhrəmanlıq salnaməsi, azərbaycanlı birliyinin, vətənsevərliyin təcəssümü olduğunu diqqətə çatdırıb.

Baş konsul müasir tariximizin şanlı səhifəsi olan 20 Yanvarın heç vaxt unudulmayacağını, nəsillər bir-birini əvəz etdikcə, yeni Azərbaycan gəncliyi formalaşdıqca bu faciənin daha çox xatırlanmalı, yad edilməli olmasının əhəmiyyətini qeyd edib. 20 yanvar qırğınının xalqımızı daha da birləşdirdiyini, və azadlıq uğrunda mübarizə zəmini artırdığını bildirib.

Məhz bu çətin anlarda xalqımızın xilaskarı, ümummilli lider Heydər Əliyevin heç nədən çəkinmədən dövlətimizin Moskvadakı daimi nümayəndəliyini ziyarət etdiyini xatırladan P.İsmayılzadə ulu öndərin “Ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyi alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə həyata keçirilmiş 20 yanvar faciəsi totalitar kommunist rejimin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayətdir” kimi sözləri ifadə etməklə, ilk dəfə faciəyə siyasi qiymətin verildiyini tədbir iştirakçılarının yadına salıb.

Diplomat dahi şəxsiyyətin bu sözlərinin həmin dövrdə çox böyük siyasi əhəmiyyət daşıdığı kimi, xalqın azadlıq mübarizəsinə də dəstək verdiyini qeyd edib və məhz bu mübarizə nəticəsində uzun illər arzusunda olduğumuz hürriyyətə qovuşduğumuzu vurğulayıb.

Sonra baş konsul ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun ardıcılı olan, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm inkişaf yolu, əldə edilmiş sosial-iqtisadi uğurların dünya ictimaiyyəti tərəfindən maraqla izlənildiyini və yüksək qiymətləndirildiyini qabardaraq, möhtərəm cənab Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi düşünülmüş balanslı, prinsipial, regionda və dünyada baş verən dəyişiklikləri, hadisələri, prosesləri nəzərə alan xarici siyasətin uğurlarının müasir dövrün tanınmış siyasətçiləri, aparıcı ekspertləri tərəfindən etiraf və təqdir edildiyini özəlliklə qeyd edib.

Tədbir foto sərgi ilə davam edib.   

 

növbəti xəbər əvvəlki xəbər