2016-10-11
Azərbaycan və BƏƏ arasında hərbi sahədə əməkdaşlıq yolları araşdırılır

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov bu ölkənin müdafiə məsələləri üzrə naziri Məhəmməd Əhməd Əl-Bavardi ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşə görə təşəkkürünü bildirən səfir Azərbaycan və BƏƏ arasındakı əlaqələrdən danışıb. O bildirib ki, ölkələr yüksək səviyyəli siyasi əlaqələrlə bağlıdır və Azərbaycan rəhbərliyi qardaş BƏƏ ilə ikitərəfli əlaqələri bütün sahələrdə irəliləməsində maraqlıdır.

Səfir D.Şikarov BƏƏ Vitse-Prezidenti, Baş Naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Maktumun 2015-ci ildə ölkəmizə və Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin fevral ayında BƏƏ-yə rəsmi səfərlərini yada salaraq, hər iki səfərin ikitərəfli gündəmin daha da zənginləşməsinə təkan verdiyini qabardıb.

Qarşılıqlı əməkdaşlıq sahələrinə nəzər salan səfir müdafiə sektorunda işbirliyi üçün qarşılıqlı maraqdan qaynaqlanan yaxşı imkanların mövcud olduğunu xüsusilə qeyd edərək, həm Azərbaycanın, həm də BƏƏ-nin hərbi sənaye seqmentində yaxşı nəticələr qazandıqlarını önə çəkib. Həmçinin Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət, eləcə də qonşu Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmış Azərbaycanda ordu quruculuğu yönündə görülən işlər barəsində qarşı tərəfə ətraflı məlumatlar təqdim edilib.

Öz növbəsində, M.Əl-Bavardi ikitərəfli siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu barədə səfirlə həmfikir olduğunu bildirərək, BƏƏ rəhbərliyinin Azərbaycan daxil olmaqla, bütün dost ölkələrlə ikitərəfli əlaqələrin inkişafına xüsusi diqqət yetirdiyini vurğulayıb və bu işdə qarşılıqlı səfərlərin əhəmiyyətini önə çəkib.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin çətin geosiyasi və geoiqtisadi konyunktura fonunda həyata keçirdiyi uğurlu xarici siyasət haqqında kifayət qədər məlumatlı olduğunu diqqətə çatdırıb, Ermənistanla müharibə halında olan dövlətimizin başçısının ordu quruculuğuna, xüsusən müasir standartlara cavab verən hərbi sənaye kompleksinin inkişafına göstərdiyi diqqətin Azərbaycan rəhbərinin dərin təcrübəsindən və hərbi tarixə dair geniş biliklərdən irəli gəldiyini özəlliklə qeyd edib.

Sonra o, cari ilin 27-30 sentyabr tarixlərində Bakı şəhərində keçirilmiş "ADEX 2016" Beynəlxalq Müdafiə Sərgisində iştirak məqsədilə Azərbaycana rəsmi səfər etdiyini xatırladıb. O qeyd edib ki, hərbi sahədə əməkdaşlıq yollarının araşdırılması üçün Azərbaycan nümayəndə heyətinin tezliklə Əbu-Dabiyə səfər edəcəyini və növbəti mərhələlərdə intensiv səfər mübadilələrinin baş verəcəyini istisna etməyib.

Bununla yanaşı, M.Əl-Bavardi paytaxt Bakının Şərq və Qərbin memarlıq üslublarının unikal sintezi nəticəsində inanılmaz gözəlliyə, eləcə də müasir infrastruktura malik olduğu haqda dost-tanışlarından eşitdiklərinin həqiqətən də reallığı əks etdirdiyini vurğulayıb, turistlər üçün yaradılan şəraitin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib və tezliklə turist qismində ölkəmizə səfər etmək arzusunda olduğunu nəzərə çatdırıb.

növbəti xəbər əvvəlki xəbər

 

 

bakushop