2016-06-15
Milli Qurtuluş Günü Birləşmiş Ərəb Əmirliklərində də qeyd edilib

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə ziyafət təşkil edilib.

Ölkənin çoxmillətli telekommunikasiya korporasiyası olan “Etisalat”ın, “MBC” (Middle East Broadcasting Center) qrupunun nümayəndələrinin, eləcə də Azərbaycan icmasının fəal üzvlərinin və səfirliyin əməkdaşlarının və onların ailə üzvlərinin iştirak etdikləri ziyafətdə çıxış edən səfir Daşqın Şikarov Azərbaycanda Milli Qurtuluş Günündən öncə hökm sürən hərbi-siyasi vəziyyətə nəzər salıb. O, cəmiyyətimizin bütün təbəqələrinin yalnız Heydər Əliyev kimi görkəmli dövlət xadiminin yenicə müstəqilliyini əldə etmiş dövləti yaranmış təhlükəli vəziyyətdən qurtara biləcəyinə əmin olduqlarını vurğulayıb.

Səfir məhz Azərbaycan xalqının sarsılmaz iradəsi və dönməz tələbi ilə ölkəni fiziki məhvdən qurtarmaq kimi taleyüklü missiyanı öz üzərinə götürən Heydər Əliyevin 1993-cü il iyunun 15-də siyasi hakimiyyətə qayıtdığını bildirib. Bu qayıdış nəticəsində erməni təcavüzünün qarşısının alındığı, ölkədə siyasi, iqtisadi və sosial iflicin aradan qaldırıldığı və vətəndaşlarda sabaha inamın yarandığı diqqətə çatdırılıb. Həmçinin Ulu Öndərin müstəqilliyimizin həmin mərhələsi ilə bağlı xatirələri qonaqların nəzərinə çatdırılıb, xalqına sədaqətlə xidmət göstərmiş Heydər Əliyevin ideya və düşüncələrinin yetişən nəsillərə ötürülməsi missiyasının Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə yerinə yetirildiyi qeyd edilib.

Səfir ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs və bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan xalqının bu gün rifah və firavanlıq içində yaşadığını, ölkəmizin ələlxüsus da regional məsələlərin həllində, beynəlxalq enerji bazarında mühüm oyunçuya çevrildiyini və Cənubi Qafqaz regionunda əsas söz sahibi olduğunu vurğulayıb.

İslam-ərəb dünyası ilə əlaqələrdən söhbət açan D.Şikarov bu əlaqələrin bərpasının, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılıqlı ehtiram, dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasının məhz Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf etdiyini xatırladıb.

Səfir, həmçinin Azərbaycan rəhbərliyinin iqtisadi şaxələndirmə istiqamətində və bu şaxələndirmə çərçivəsində turizm sektorunun inkişafı üçün gördüyü önəmli işlər, ölkəmizin iştirak etdiyi qlobal layihələr və ev sahibliyi etdiyi və edəcəyi mötəbər beynəlxalq idman yarışları barədə tədbir iştirakçılarına məlumat verib.

x x x

Birləşmiş Ərəb Əmirliklərinin müstəqil siyasi qəzeti olan “Alfajr” qəzetinin saytında “Azərbaycan özünün müasir intibahının banisi Heydər Əliyevin xatirəsini yad etməklə Milli Qurtuluş Gününü qeyd edir” sərlövhəli məqalə yayılıb.

Məqalədə 15 İyun - Milli Qurtuluş Gününün tarixi haqqında ətraflı bəhs edilir. 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanın müstəqilliyinin ilk illərində ağır vəziyyətdə olduğu vurğulanır, məhz həmin dövrdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyevin müasir, inkişaf yoluna qədəm qoyan dövlət qurduğu diqqətə çatdırılır.

Azərbaycanın müsəlman dünyasının ayrılmaz hissəsi olduğu və bu coğrafiyada yerləşən ölkələrlə əlaqələrin ən yüksək səviyyədə inkişaf etdirilməsinin vacibliyinə önəm verən ulu öndər Heydər Əliyevin İslam-ərəb dünyası ilə siyasi, iqtisadi və mədəni əlaqələr yaratdığı və qarşılıqlı əməkdaşlığın təməlini qoyduğu vurğulanır.

Məqalədə Azərbaycan xalqının hər il Ulu Öndərin doğum gününü, eləcə də Milli Qurtuluş Gününü xoş əhvali-ruhiyyə ilə qeyd etdiyi, Heydər Əliyevin əziz xatirəsini yad etdiyi diqqətə çatdırılır.

növbəti xəbər əvvəlki xəbər