2016-06-06
ABŞ və Böyük Britaniyadan Azərbaycana hərtərəfli dəstək

2016-cı il iyunun 1-dən 4-nə kimi Azərbaycanın paytaxtı Bakıda XXIII Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2016” sərgi və konfransı keçirilib.

Regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış beynəlxalq platforma olan Xəzər Neft və Qaz sərgi və konfransı hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçiləri öz meydançasında bir araya gətirir.

Builki sərginin ekspozisiyası çərçivəsində 200-dən çox şirkət bir araya gələrək neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdiriblər. Bu il sərgidə Belçika, Çin, İspaniya, İtaliya, Qazaxıstan, Niderland Krallığı, Polşa, Portuqaliya və digər ölkələrin şirkətləri iştirak ediblər. Öz növbəsində Çexiya, İtaliya və Almaniya sərgidə öz milli pavilyonlarını təqdim ediblər. Hər il “Caspian Oil & Gas” iştirakçılarının tərkibinə yeni şirkətlər daxil olur, bu il isə yeni iştirakçılar qismində Böyük Britaniya, Portuqaliya, Rumıniya, ABŞ və digər ölkələrin şirkətləri çıxış ediblər. Sərgi çərçivəsində keçirilən ənənəvi beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” konfransında dünyanın 30-dan çox ölkəsindən 400 nəfərə yaxın nümayəndəsi iştirak edib.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgisi həm Azərbaycan, həm dünya üçün çox önəmli və mötəbər tədbirdir. Onun sözlərinə görə, 1994-cü ildə ilk dəfə Xəzər Neft və Qaz Sərgisini keçirməklə, Azərbaycan neft potensialını dünyaya təqdim edə bilib. Azərbaycanın böyük transmilli layihələrin həyata keçirilməsində liderliyini və fəal iştirakını vurğulayan dövlət başçısı deyib ki, onun ölkəsi bütün sahələrdə olduğu kimi, neft-qaz sahəsində də çox uğurlu yol keçib və qarşıya qoyulan bütün vəzifələr icra edilib. “Cənub qaz dəhlizi”nin həyata keçirilməsində bütün işlərin qrafik üzrə getdiyini vurğulayan İlham Əliyev artıq 7 ölkənin üzv olduğu və Bakıdan İtaliya sahillərinə qədər uzanan bu layihənin iqtisadi və təhlükəsizlik layihəsi olduğunu diqqətə çatdırıb. O, deyib ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni yataqlarının işlənməsi nəticəsində ölkədə qaz hasilatı daha da artacaq. Azərbaycan Prezidenti Azərbaycanın enerji siyasətinin konturlarını xüsusilə vurğulayıb və bildirib ki, bu siyasət regionda və daha böyük coğrafiyada əməkdaşlığın inkişafına, sabitliyin təmin olunmasına xidmət edir.

Tədbir iştirakçılarına öz təbrikini çatdıran ABŞ Prezidenti Barak Obama qlobal enerji təchizatında Azərbaycanın olduqca mühüm rol oynadığını qeyd edib, həmçinin Bakının regional səviyyədə təchizatın şaxələndirilməsini, bazardakı rəqabəti, eləcə də enerji təhlükəsizliyini artırmaq kimi ümumi məqsədlərin həyata keçirilməsində etibarlı tərəfdaş olduğunu diqqətə çatdırıb. B.Obama  bildirib ki, ötən il ərzində Azərbaycan və onun tərəfdaşları “Cənub Qaz Dəhlizi”nin reallığa çevrilməsində böyük tarixi mərhələlərə nail olublar. Azərbaycan ilə onun beynəlxalq tərəfdaşları arasında davamlı əməkdaşlıq həmin mühüm layihənin başa çatdırılmasını təmin edəcək, Birləşmiş Ştatlar isə beynəlxalq tərəfdaşları ilə birgə buna yardım göstərməyə hazırdır və “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətini vurğulamaqda davam edir. ABŞ dövlət başçısı Prezident İlham Əliyevin “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi məqsədilə göstərdiyi səyləri alqışladığını, Azərbaycanın tam potensialının nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviq edilməsi, sərmayə mühitinin təkmilləşdirilməsi, hesabatlığın və qanunun aliliyini gücləndirilməsi və nəhayət, Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılması məqsədilə atdığı davamlı addımları dəstəklədiyini deyib. Barak Obama bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanın sadiq tərəfdaşı olaraq qalır.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron isə təbrik məktubunda ölkəsi ilə Azərbaycan arasında davamlı güclü ikitərəfli münasibətləri alqışladığını bildirib. Kemeron qeyd edib ki, Azərbaycanın enerji resursları Avropa və dünya iqtisadiyyatında, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. O, həmçinin “Cənub Qaz Dəhlizi”nin Avropa İttifaqının qaz bazarının şaxələndirilməsində və beləliklə, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rolunu vurğulayıb. Kemeron “Cənub Qaz Dəhlizi”nin inkişaf etdirilməsində Azərbaycan hökumətinin səylərini yüksək qiymətləndirib, mayın 17-də Trans-Adriatik boru kəmərinin təməlqoyma mərasimini “Cənub Qaz Dəhlizi”nin cədvələ uyğun çəkilməsində növbəti mühüm hadisə kimi qiymətləndirib. 

növbəti xəbər əvvəlki xəbər