2015-10-06
Nazir Elmar Məmmədyarov Panama Respublikasının vitse-prezidenti və xarici işlər naziri xanım İsabel de Sant Malo de Alvarado ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Panama Respublikasına rəsmi səfəri çərçivəsində 5 oktyabr 2015-ci il tarixində Panama Respublikasının vitse-prezidenti və xarici işlər naziri xanım İsabel de Sant Malo de Alvarado ilə görüşüb.

Panamanın xarici işlər naziri azərbaycanlı həmkarını ölkəsində görməkdən məmnun olduğunu bildirərək bu rəsmi səfərin iki ölkə arasında əməkdaşlığa önəmli töhfə verəcəyinə əminliyini ifadə etdi.

Ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu deyən xanım İsabel de Sant Malo de Alvarado iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrə dair imzalanacaq sənədin ikitərəfli siyasi dialoq mexanizminin təsis edilməsinə xidmət edəcəyini nəzərə çatdırdı.

Nazir Elmar Məmmədyarov Azərbaycanın xarici siyasətində Mərkəzi və Cənubi Amerika dövlətləri ilə əlaqələrin hərtərəfli inkişafına mühüm əhəmiyyət verdiyini qeyd etdi. O, Azərbaycan və Panama arasında mövcud əməkdaşlığın enerji və sərmayələr də daxil olmaqla, digər sahələrə də sirayət etməsinin vacibliyini diqqətə çatdırdı. Bu sahələrdə əməkdaşlığın hüquqi çərçivəsinin yaradılması üçün müvafiq hökumətlərarası sənədlərin imzalanmasının və ümumiyyətlə, iki ölkə arasında müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin zəruriliyini bildirdi.

Elm-təhsil, təlim və digər humanitar sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu deyən nazir Elmar Məmmədyarov ADA Universiteti və Panamanın diplomatik institutu arasında təmasların yaradılmasının səmərəli olacağını qeyd etdi.

Bakı-Tbilisi-Qars dəmir yol xətti, yeni tikilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və ölkəmizin nəqliyyat infrastruktur imkanları haqqında məlumat verən Elmar Məmmədyarov bu layihələr vasitəsilə qədim İpək Yolu boyunca yük daşımalarının və iqtisadi-ticarət əlaqələrinin əsaslı şəkildə artacağını dedi.

Ölkəsində əlverişli investisiya mühitinin yaradıldığını deyən panamalı nazir Azərbaycanın Panama üçün arzuolunan tərəfdaş olduğunu vurğuladı.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara toxunan Elmar Məmmədyarov Panamanın bu münaqişə ilə əlaqədar beynəlxalq hüququn prinsipləri əsasında tutduğu ədalətli mövqeyinə və Panama Parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi təsdiqləyən, eləcə də Xocalı soyqırımını tanıyan qətnamənin qəbuluna görə təşəkkürünü ifadə etdi.

Münaqişənin həlli ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının tələb edildiyini deyən nazir Ermənistanın buna məhəl qoymadığını və münaqişənin həllinə maneələr yaratdığını vurğuladı.

Elmar Məmmədyarov Ermənistanın işğal və təcavüzə əsaslanan mövcud status kvonu davam etdirmək siyasəti yürütdüyünü qeyd edərək, etimad quruculuğu tədbirləri məsələsinin Ermənistan tərəfindən siyasi möhtəkirlik obyektinə çevrildiyini söylədi. O əlavə etdi ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasların qurulması kimi praktiki etimad quruculuğu tədbirlərinin nəticələri Ermənistan hakimiyyətinin maraqlarına cavab vermədiyi üçün hər bir vəchlə rəsmi Yerevan buna imkan vermir.

Panamalı nazir ölkəsi üçün dövlətlərin ərazi bütövlüyü və suverenliyinin vacib prinsiplər olduğunu diqqətə çatdırdı.

Nazir Elmar Məmmədyarov panamalı həmkarını Azərbaycana səfərə dəvət etdi.

Görüşün sonunda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Panama Xarici İşlər Nazirliyi arasında ikitərəfli məsləhətləşmələr haqqında anlaşma memorandumu imzalandı

növbəti xəbər əvvəlki xəbər

 

 

bakushop