Notariat hərəkətləri

Azərbaycan Respublikasının konsulu Azərbaycan vətəndaşlarının və hüquqi şəxslərinin Azərbaycan Respublikasının ərazisindəki əmlak və şəxsi qeyri-əmlak münasibətləri üzrə notariat hərəkətləri aparır. 

Notariat hərəkətləri barədə arayışlar və sənədlər yalnız notariat hərəkətlərinin aparılmasını tapşırmış və ya barəsində notariat hərəkətləri aparılmış fiziki və hüquqi şəxslərə verilir.

Notariat əməliyyatları aparılarkən vətəndaşların şəxsiyyəti pasport, şəxsiyyət vəsiqəsi, hərbi bilet, sürücülük vəsiqəsi və ya dənizçinin şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir.

Notariat əməliyyatları Azərbaycan Respublikasının konsulluğunda aparılır. Ayrı-ayrı hallarda notariat əməliyyatları konsulluqdan kənarda da yerinə yetirilə bilər.

Notariat əməliyyatları lazımi sənədlərin təqdim olunduğu, dövlət rüsumununvə faktik xərclərin ödənildiyi halda aparılır.

Əlavə məlumat və ya sənədə ehtiyac olduqda notariat əməliyyatının aparılması təxirə salına bilər.

Notariat qaydasında təsdiq edilmiş əqdlər, ərizələr və başqa sənədlər notariat əməliyyatları aparan konsulun yanında imzalanır. Əgər əqd, ərizə və ya başqa sənəd konsulun yanında imzalanmayıbsa, bunları imzalayan şəxs sənədi özü imzaladığını şəxsən təsdiq etməlidir.

Notariat əməliyyatlarını aparan konsul vətəndaşların hüquq və vəzifələrini onlara izah edir, aparılan notariat əməliyyatlarının nəticələri haqqında xəbərdarlıq edir ki, hüquqi məlumatsızlıqdan və bu kimi başqa hallardan onların zərərinə istifadə olunmasın.

Konsulluqda notariat kargüzarlığı Azərbaycan dilində aparılır.

Hər hansı notariat əməliyyatının aparılması qanunvericiliyə zidd olarsa, konsul bu əməliyyatı aparmaqdan imtina edir.

Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olmayan və ya öz məzmunu ilə Azərbaycan dövlətinin mənafeyinə, onun vətəndaşlarının şərəf və ləyaqətinə xələl gətirə bilən sənədləri konsul notariat əməliyyatı aparmaq üçün qəbul etmir.

Notariat əməliyyatlarının yerinə yetirilməməsinin səbəbləri haqqında maraqlı şəxslərə onların xahişi ilə məlumat verilir.

Konsul aşağıdakı hallarda notariat əməliyyatını aparmaqdan imtina edə bilər

1. notariat əməliyyatı başqa vəzifəli şəxs tərəfindən aparılmalıdırsa;

2. notariat əməliyyatının aparılması üçün fəaliyyət qabiliyyəti olmayan şəxs,yaxud lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etmişdirsə;

3. sənədlər qanunvericiliyin tələblərinə uyğun gəlmirsə;

4. bağlanan əqd qanunun tələblərinə uyğun deyildirsə;

5. əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun gəlmirsə.